Xəbər verdiyimiz kimi, Naftalanda Vətən müharibəsi iştirakçısı Tağıyev İlkin Həmid oğlu özünü yandırıb. Fakt üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Naftalan Rayon İcra hakimiyyətindən Den.az-a bildirib ki, Qasımbəyli kənd sakini Tağıyev İlkin Həmid oğlu parkda üzərinə benzin tökərək özünü yandırıb:
İcra Hakimiyyətinin məlumatına görə, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən ötən ilin yanvar ayının 10-da yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib:
"İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir.
Bundan əlavə müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib. 2021-ci ildən hal-hazıradək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilib.
Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib. Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2 torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib.
Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən hotel və müalicə mərkəzində işlə təmin olunub. Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib".