"İtlə dost ol amma çomağını yerə qoyma" deyiblər. İtlər, insanın vəfalı dostu sayılsa da, bəzən onlarda insan həyatı üçün təhlükə mənbəyinə çevrilirlər.
Den.az xəbər verir ki, sahibsiz, xəstə küçə itlərinə Xaçmaz şəhərində günün istənilən saatlarında rast gəlmək mümkündür.
Sakinlər bildirir ki, itlərin hücumuna məruz qalmamaq üçün tək gəzməyə belə ehtiyat edirlər.
Xaçmaz şəhəri İƏD üzrə nümayəndəliyinə müraciətimizdə, İcra nümayəndəsi Emin Aqayevdən müsahibə almaq istədik. Təəssüf ki, cənab Aqayev müsahibə verməkdən imtina etdi və bununla kifayətlənməyərək, bizim peşə fəaliyyətimizlə bağlı məsləhətlər verməyə çalışdı. Bu davranış, həm jurnalistikaya, həm də cəmiyyətə olan hörmətsizlik kimi qiymətləndirilə bilər. Emin Aqayev, səlahiyyətlərini və məsuliyyətlərini düzgün dərk etsəydi, bu real təhlükənin qarşısı alınmış olardı. Ancaq görünür ki, İcra nümayəndəliyi öz işini lazımi səviyyədə bilmir. İcra nümayəndələrinin əsas vəzifəsi cəmiyyətin maraqlarını qorumaq və problemlərinin həllinə çalışmaqdır. Bu vəziyyətin təkrarlanmaması və daha ciddi nəticələr doğurmaması üçün İcra nümayəndəliyinin işini təkmilləşdirməsi və öz vəzifələrinə daha ciddi yanaşması vacibdir.
Biz, jurnalistlər olaraq, cəmiyyətin səsinin duyulması üçün çalışırıq və hər kəsin bu prosesdə üzərinə düşən məsuliyyəti dərk etməsi önəmlidir. Bu məsələnin həlli üçün isə təcili tədbirlər görülməsi vacibdir. İcra Nümayəndəliyi və digər müvafiq qurumlar vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atmalıdırlar. İtlərin təhlükəsiz yerlərə köçürülməsi və onların sağlamlıq vəziyyətlərinin nəzarət altına alınması kimi tədbirlər görülməlidir. Əks halda, sahibsiz itlər sakinlərin həyatına təhlükə törətməyə davam edəcək və bu problem daha da böyüyəcəkdir. Vətəndaşların təhlükəsizliyi hər şeydən öncə gəlməlidir.
[media=https://www.youtube.com/watch?v=BPmaOB_B1VU]