Abşeron rayonu Saray qəsəbəsində sahibsiz küçə itləri ilə bağlı ciddi tədbirlərə start verilib.
Den.az xəbər verir ki, son günlərdə qəsəbə ərazisində vətəndaşlar tərəfindən artan narahatlıqlar fonunda, "Idea Cares Baku" şirkəti bələdiyyə ilə əməkdaşlıq çərçivəsində bölgədə sahibsiz itlərin yığışdırılmasına başlayıb.
Bu təşəbbüs Saray qəsəbə bələdiyyəsinin sədri, şəhid atası Nizami Zalovun şəxsi müraciəti və təşəbbüsü ilə həyata keçirilir. Nizami Zalovun sözlərinə görə, qəsəbə sakinləri dəfələrlə sahibsiz itlərin təhlükəli olması, uşaqlar və yaşlı insanlar üçün təhdid yaratması ilə bağlı bələdiyyəyə müraciət ediblər. Nəticədə, ərazidəki vəziyyət qiymətləndirilmiş və müvafiq qurumların iştirakı ilə tədbirlər planı hazırlanmışdır.
“Idea Cares Baku” şirkətinin əməkdaşları müasir və heyvanlara zərər vurmayan vasitələrlə küçə itlərini tutaraq onları Balaxanıdakı İtlərin Qayğı Mərkəzinə daşıyırlar. Orada heyvanlara tibbi baxış keçirilir, ehtiyac olarsa müalicə və sterilizasiya prosedurları aparılır. Şirkət nümayəndələri bildirirlər ki, bu proses tam şəkildə beynəlxalq humanist heyvan hüquqları standartlarına uyğun şəkildə həyata keçirilir.
Bu tədbirin ən mühüm məqsədi həm vətəndaşların təhlükəsizliyini təmin etmək, həm də sahibsiz heyvanların qayğısına qalmaqdır. Vurğulanır ki, bu, bir dəfəlik yox, mütəmadi xarakter daşıyan tədbir olacaq və qəsəbə ərazisində sahibsiz heyvanların sayına nəzarət sistemli şəkildə davam etdiriləcək.
Qəsəbə sakinlərinin sözlərinə görə,"Səhərlər uşaqlarımızı məktəbə yola salanda qorxurduq, çünki bəzən sahibsiz itlər qrup halında gəzir və aqressiv ola bilirlər. İndi heç olmasa rahatlıq tapmışıq."
Hazırda Saray qəsəbəsindəki bütün küçələrdə araşdırma və yığım prosesi mərhələli şəkildə həyata keçirilir. Yerli əhali bu təşəbbüsü müsbət qarşılayır və prosesin şəffaf və qaydalara uyğun şəkildə aparılmasından razılıq bildirir.
Məsələ ilə bağlı bələdiyyə sədri Nizami Zalov qeyd edib ki,"Bu tədbir həm sakinlərimizin rifahı, həm də heyvanların sağlam və təhlükəsiz mühitdə saxlanılması üçün görülür. Biz nə insanlara, nə də heyvanlara ziyan vurmadan, hər iki tərəfin xeyrinə çalışırıq."
Qeyd edək ki, son illərdə Azərbaycanda sahibsiz heyvanlarla bağlı ictimai müzakirələr artıb və bu sahədə həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif təşəbbüslər irəli sürülür. "Idea Cares Baku" şirkətinin bu fəaliyyəti də bu təşəbbüslər içərisində xüsusi önəm daşıyır və nümunəvi addım kimi qiymətləndirilir.
Nizami Rəsulov...