İordaniya kraliçası Raniya zərif görünüşü, geyim tərzi və fiziki forması ilə daim diqqət mərkəzindədir. Dörd uşaq anası olan kraliçanın illərdir formasını necə qoruması isə maraq doğurur.
Mütəxəssislərin fikrincə, Raniya qlisemik indeksi aşağı olan qidalara üstünlük verir. Bu qidalanma üsulunda məhsulların qanda şəkərin səviyyəsinə təsiri əsas götürülür. Qidaların hazırlanma üsulu da nəzərə alınır.
Dietoloq Cülyetta Kellou bildirib ki, aşağı qlisemik indeksə əsaslanan qidalanma planı əsas ərzaq qruplarından imtina etmədən və ciddi məhdudiyyətlər qoymadan çəkiyə nəzarət etməyə imkan verə bilər.
Qlisemik indeks qidaların tərkibindəki karbohidratların qanda şəkərin səviyyəsinə təsirini göstərir. Bu göstəriciyə əsasən məhsullar aşağı, orta və yüksək qlisemik indeksli olmaqla üç qrupa bölünür.
Məlumata görə, kraliça ağ çörək, makaron, səhər yeməyi üçün taxıl lopaları və digər un məmulatlarını gündəlik qidalanmasında məhdudlaşdırır. Bununla belə, sevdiyi yeməklərdən tamamilə imtina etmir.

Bildirilir ki, Raniya hamburgeri də sevir. Hətta həyat yoldaşı, İordaniya kralı II Abdullanın həftəsonları evdə hamburger hazırladığı qeyd olunur.
Kraliça fiziki formasını qorumaq üçün yoqa, pilates, qaçış və kikboksinqlə məşğul olur.
Tünd şokolad da Raniyanın sevdiyi təamlardandır. O, daha əvvəl şokolada xüsusi rəğbət bəslədiyini etiraf edib.
Məlumata əsasən, kraliçanın qidalanmasında Aralıq dənizi pəhrizinə xas məhsullar da mühüm yer tutur. Onun menyusuna bişmiş tərəvəzlər, qəhvəyi düyü, qril üsulu ilə hazırlanmış quzu əti və balıq daxildir.
Kuskus, qoz və badam da Raniyanın sevimli qidaları arasındadır.
Kraliça spirtli içki qəbul etmir, siqaret çəkmir və sağlam həyat tərzi sürməyə çalışır. (marie claire)

