Türkiyənin cənubunda qısa müddət ərzində üç zəlzələ baş verib. Yeraltı təkanların ən güclüsü 5,2 maqnitudada olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İlk zəlzələ yerli vaxtla saat 14:19-da Adana vilayətinin Saimbeyli rayonunda qeydə alınıb. 4,8 maqnitudalı zəlzələnin ocağı 7,99 kilometr dərinlikdə yerləşib.
17 dəqiqə sonra eyni ərazidə 4,9 maqnitudalı daha bir zəlzələ baş verib. Təkanlar Kahramanmaraş, Osmaniye və Qaziantep də daxil olmaqla qonşu vilayətlərdə də hiss edilib.
Daha sonra AFAD Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb.
Hələlik ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Zəlzələlərin nəticələrini qiymətləndirmək üçün xilasetmə və kommunal xidmət əməkdaşları ərazilərdə yoxlamalara başlayıblar.

