Böyük Britaniya şahzadəsi Harri mərhum anası, şahzadə Diana haqqında sənədli filmin çəkilməsi üçün danışıqlar aparır.
The Daily Telegraph nəşrinin məlumatına görə, Harri 2027-ci il avqustun 31-də anasının ölümünün 30-cu ildönümünü onun xatirəsinə həsr olunmuş xüsusi layihə ilə qeyd etmək istəyir.
Şahzadəyə yaxın mənbənin sözlərinə görə, Harri Diananın xatirəsini və irsini ən mənalı şəkildə yad etməyi planlaşdırır.
Bu məqsədlə o, anasının bəzi dostlarına və qohumlarına, o cümlədən dayısı, qraf Çarlz Spenserə müraciət edərək onları filmin çəkilişlərində iştirak etməyə dəvət edib.

Məlumata əsasən, sənədli filmin Harri və həyat yoldaşı Meqan Markla məxsus “Archewell Productions” şirkəti tərəfindən hazırlanması nəzərdə tutulur.
Filmin yayım hüquqlarını isə Netflix platformasının əldə edə biləcəyi ehtimal olunur. Şirkətin Harri və Meqanla onların layihələrinin nümayişində üstünlük hüququ verən razılaşması var.

