Türkiyəli aparıcı Erhan Çelikin boşanma ərəfəsində olduğu həyat yoldaşı, həkim Özlem Gültekin Çelikin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində bir nəfər həbs edilib.
Hadisə ilə əlaqədar saxlanılan beş şübhəlidən H.Ç. barəsində həbs, digər dörd nəfər haqqında isə məhkəmə nəzarəti tədbiri seçilib.
48 yaşlı Özlem Gültekin Çelik avqustun 13-də İzmirdə vəfat edib. Ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə aparılan məhkəmə-tibbi ekspertizası onun yüksək dozada propofol qəbul etməsi nəticəsində həyatını itirdiyini üzə çıxarıb. Propofol ümumi anesteziya zamanı istifadə olunan preparatdır.
İstintaq çərçivəsində gizli şahidlərin ifadələri və mobil telefonlardakı məlumatlar araşdırılıb. Nəticədə həkimin ölümünə səbəb olan preparatı hadisə günü təmin etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilib.
İstanbul Baş Prokurorluğunun göstərişi ilə İzmir polisi əməliyyat keçirib. Nəticədə Ç.K., F.A., H.Ç., H.Y. və P.Ç. saxlanılıblar.
Şübhəlilər məhkəməyə çıxarıldıqdan sonra H.Ç. həbs olunub, qalan dörd nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

