Sumqayıtda 50 yaşlı dənizdə batdı.
Den.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıt şəhərində faciəvi hadisə baş verib. Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında yerləşən çimərlikdə bir nəfər dənizdə bataraq həyatını itirib. Hadisə nəticəsində 1971-ci il təvəllüdlü, Sumqayıt sakini Muxatov Asif Mülkədar oğlu dünyasını dəyişib.
İlkin məlumata görə, Asif Muxatov istirahət məqsədilə dənizə girib. Lakin bir müddət sonra suyun axınına və dərinliyinə tab gətirə bilməyərək batıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Axtarış-xilasetmə tədbirlərindən sonra Muxatov Asifin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Ekspertiza təyin olunub, ölüm səbəbləri dəqiqləşdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara xəbərdarlıq edərək, yalnız rəsmi və nəzarət olunan çimərliklərdə çimməyi tövsiyə edir. Xüsusilə, üzmə qabiliyyəti zəif olan şəxslərin dənizin dərin hissələrinə daxil olmamaları, hava və su şəraitini nəzərə almaları, eləcə də təhlükəsizlik qaydalarına riayət etmələri xatırladılır.