Sentyabrın 19-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 2-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib.
Bu barədə DenMedia.az-a İcra Hakimiyyətindən məlumat verilib.
Səyyar qəbulun əsas məqsədi şəhər əhalisinin gündəlik sosial-məişət problemlərini birbaşa yerində öyrənmək, onların infrastruktur, məşğulluq, sosial müdafiə və digər sahələrdəki müraciətlərinə operativ yanaşmanı təmin etmək olub. Görüş zamanı vətəndaşların səsləndirdikləri təklif və problemlər diqqətlə dinlənilib, onların həlli ilə bağlı konkret tapşırıqlar verilib.
Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən bir sıra xidmət sahələrinin rəhbərləri – kommunal təsərrüfat, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak ediblər. Bu, vətəndaşların müraciətlərinə yerindəcə baxılması və problemlərin çevik həlli baxımından xüsusi əhəmiyyət daşıyıb.
Zakir Fərəcov çıxışında bildirib ki, hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır və onların operativ həlli üçün mövcud imkanlar maksimum səfərbər olunur. Şəhər rəhbəri vurğulayıb ki, səyyar görüşlərin keçirilməsi Sumqayıtda vətəndaşlarla birbaşa ünsiyyətin daha da möhkəmləndirilməsi və onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin vaxtında aradan qaldırılmasına xidmət edir.
Sakinlərin qaldırdığı bəzi məsələlərin dərhal həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib, icrası vaxt tələb edən müraciətlərin isə nəzarətə götürüldüyü və icra vəziyyətinin daima izləniləcəyi qeyd olunub.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi keçirilən səyyar qəbul-görüşlər şəhər sakinlərinin sosial rifahının yüksəldilməsi və onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib.