Abşeron rayonunda yolların yenilənməsi və abadlıq işləri davam etdirilir.
DenMedia.az xəbər verir ki, rayon rəhbərliyinin tapşırığına əsasən, hazırda Masazır qəsəbəsində Cəlil Məmmədquluzadə küçəsində genişmiqyaslı təmir və asfaltlaşdırma işləri aparılır.
Uzun illərdir qış aylarında palçıq, yayda isə toz-torpaq səbəbindən hərəkətin çətinləşdiyi küçədə artıq yeni asfalt örtüyü salınır. Bu addım həm nəqliyyatın rahat və təhlükəsiz hərəkətinə, həm də sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşmasına xidmət edir.
İşlərin planlı şəkildə və qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, əsas məqsəd əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, yol infrastrukturunu müasir tələblərə uyğun vəziyyətə gətirməkdir.
Masazır sakinləri görülən işləri yüksək qiymətləndirir. Onlar uzun illərdir mövcud olan yol probleminin həllinə görə rayon rəhbərliyinə təşəkkür edərək, bu cür abadlıq tədbirlərinin digər küçələrdə də davam etdirilməsini arzuladıqlarını bildiriblər.
Qeyd edək ki, Abşeron rayonunda son aylarda bir sıra küçə və prospektlərdə də təmir və abadlıq işləri həyata keçirilib. Bildirilir ki, mərhələli şəkildə bütün qəsəbələrdə təmirə ehtiyacı olan yollar yenilənəcək.