Abşeron rayonunda uzun müddətdir təmirə ehtiyacı olan küçələrin abadlaşdırılmasına başlanılıb. Hazırda rayonun bütün kənd və qəsəbələrində genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Bu çərçivədə yollar təmir olunur, asfalt örtüyü yenilənir və nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Əsasəndə şəhid ailələrinin yaşadıqları küçə və prospektlər xüsusi diqqət mərkəzində saxlanılır. Bu ünvanlarda görülən işlər həm texniki keyfiyyət, həm də sosial həssaslıq baxımından önəm kəsb edir.
Hazırda Masazır kənd bələdiyyəsi tərəfindən küçələrin asfaltlanması mərhələli şəkildə həyata keçirilir. Bu dəfə kəndin Nizami Məmmədov küçəsində görülən işlər yerli sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, ümumi yol infrastrukturunun daha dayanıqlı və təhlükəsiz olmasına şərait yaradır.
Masazır kənd bələdiyyəsindən “DenazTV”-yə bildirildi ki, yolların abadlaşdırılması qarşıya qoyulan proritet məsələlərdən biridir.
Abşeron rayonunda aparılan bu tipli abadlıq tədbirləri davamlı xarakter daşıyır və növbəti mərhələlərdə digər kənd və qəsəbələri də əhatə etməsi nəzərdə tutulur.