Baş Prokurorluğunun təşkilatçılığı ilə Xaçmazda “Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar” mövzusunda regional konfrans keçirilib.
DenMedia.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev açılış nitqi ilə çıxışında konstitusiya prinsiplərinin müdafiəsində prokurorluğun funksional rolunu açıqlayıb. O bildirib ki, hüquqi dövlətin möhkəmləndirilməsi üçün qanunun aliliyinin təmin olunması və dövlət ittihamçılarının obyektiv mövqedə dayanması əsas prioritetlərdəndir. Qeyd olunub ki, gənclərin hüquqi şüurunun artırılması və konstitusiya dəyərlərinin aşılanması vacib məsələlərdəndir. Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şüurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.
Konstitusiya və Dövlət Suverenliyi mövzusuna həsr olunmuş konfransda müstəqil Azərbaycan dövlətinin keçdiyi həyat yolu bir daha nəzər salınmış və dövlət qurumları qarşısında dövlət suverenliyimizin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələr ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Xüsusi vurğulanmışdır ki, dövlət maraqlarının tələb etdiyi hər bir yerdə prokurarluq əməkdaşları daim ön cəbhədə olacaqlar və ümumiyyətlə dövlət qurumları o cümlədən prokurorluq müasir dünyada, dəyişən dünyada yeni reallıqlar şəraitində qlobal təhdidlərə cavab vermək iqtidarında olan gücə çevrilməlidir. Konfrasda da bu mövzuda təqdimatlar və çıxışlar dinlənilmişdir.
Nüşabə Baxşıyeva
DenMedia.az