26 yanvar 2026-cı il tarixində Azərbaycan Ordusunun Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə həyata keçirdiyi Daşaltı əməliyyatının 34-cü ildönümü tamam olur.
“Daşaltı” əməliyyatı 25 yanvar 1992-ci il saat 20:00-da başlayıb və 26 yanvar gecə saatlarında başa çatıb.
Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə keçirilən əməliyyata keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev şəxsən rəhbərlik edib. Əməliyyatda Azərbaycan Ordusunun könüllülərindən ibarət üç taqım, eləcə də Şuşa müdafiə batalyonunun döyüşçüləri iştirak edib.
Taktiki səhvlər, qruplar arasında əlaqənin olmaması, məlumat sızması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndindən Daşaltıya doğru hərəkət edən bir Azərbaycan taqımı pusquya düşərək tamamilə məhv edilib. Kəndə daxil olan digər taqımlar isə ağır itkilər verərək geri çəkilməyə məcbur qalıb.
Rəsmi məlumatlara görə, “Daşaltı” əməliyyatı zamanı Azərbaycan Ordusu 90-dan çox itki verib, onların böyük bir hissəsi indiyədək itkin düşmüş hesab olunur. Döyüş zamanı erməni tərəfi də bir neçə döyüş texnikasını və təxminən 80 nəfər canlı qüvvə itirib.

