Müqəddəs Ramazan ayı münasibətilə Saray qəsəbəsi ərazisində geniş iftar süfrəsi təşkil edilib.
Denmedia.az xəbər verir ki, tədbir Saray Bələdiyyəsi tərəfindən oruc tutan sakinlər üçün keçirilib.
İftar mərasimində qəsəbə sakinləri, şəhid ailələri, ağsaqqallar, gənclər və aztəminatlı ailələrin üzvləri iştirak ediblər. Süfrə ətrafında bir araya gələn iştirakçılar Ramazan ayının mənəvi dəyərlərindən, birlik və həmrəylik ruhundan bəhs ediblər. Çıxış edənlər bildiriblər ki, bu cür təşəbbüslər cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə, insanlar arasında qarşılıqlı hörmət və qayğının artmasına xidmət edir.
Tədbir zamanı Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, ölkəmizin əmin-amanlığı, şəhidlərimizin ruhu və xalqımızın rifahı üçün arzular səsləndirilib. Qeyd olunub ki, Ramazan ayı mərhəmət, paylaşmaq və ehtiyacı olanlara dəstək göstərmək ayıdır və iftar süfrələrinin təşkili də məhz bu ali dəyərlərin təcəssümüdür.
Sakinlər göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür edərək belə xeyriyyə xarakterli tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Ramazan ayı boyunca Abşeron rayonunun müxtəlif yaşayış məntəqələrində də oxşar sosial-mənəvi tədbirlərin keçirilməsi nəzərdə tutulur.









Ellada Rəsul
Denmedia.az

