Azərbaycanda ƏDV-nin geri qaytarılması prosesi tezliklə avtomatik rejimə keçiriləcək.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nazarli Bakıda keçirilən “Vergi sisteminin gələcəyinə baxış: yeni idarəetmə modeli və məlumat əsaslı həllər” forumunda bildirib.
Məlumata görə, Dövlət Vergi Xidməti Kapital Bank və Paşa Bank ilə birlikdə yeni sosial tərəfdaşlıq layihəsinə başlayır. Yeni sistemə əsasən, bu bankların kartları ilə edilən alış-veriş zamanı ödənilən ƏDV-nin bir hissəsi avtomatik olaraq alıcının kart hesabına köçürüləcək.
Orxan Nazarli qeyd edib ki, avtomatlaşdırılmış sistem şəffaflığı artıracaq və vətəndaşlar üçün prosesi xeyli sadələşdirəcək.
“Layihənin məqsədi vətəndaşlar üçün ƏDV-nin geri qaytarılması mexanizmini daha da asanlaşdırmaq və vəsaitin daha sürətli qaytarılmasını təmin etməkdir. Yeni nəsil kassa aparatları çek məlumatlarını avtomatik olaraq elektron kabinetə ötürəcək və geri qaytarılma müraciəti tam avtomatlaşdırılacaq”, — deyə Orxan Nazarli bildirib.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, sistem tətbiq edildikdən sonra vətəndaşların mağazalarda çek gözləməsinə ehtiyac qalmayacaq və xüsusilə yaşlı insanlar üçün proses daha rahat olacaq.
Onun sözlərinə görə, yeni sistem bəzi hallarda rast gəlinən sui-istifadə və fırıldaq halların da qarşısını alacaq.

