Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbində Novruz bayramı münasibətilə möhtəşəm şənlik təşkil olunub. Tədbir məktəbin kollektivi və şagirdlərin fəal iştirakı ilə yüksək əhval-ruhiyyədə keçirilib.
Bayram tədbiri məktəbin həyətində baş tutub. Ərazi Novruzun ənənəvi atributları – səmənilər, xonçalar, milli ornamentlərlə bəzədilərək əsl bayram abu-havası yaradılıb. Şagirdlər tərəfindən hazırlanmış milli mətbəx nümunələri tədbir iştirakçılarına təqdim olunub, qədim kulinariya ənənələrimiz bir daha nümayiş etdirilib.
Tədbir çərçivəsində şagirdlər Novruza həsr olunmuş şeirlər səsləndirib, milli və müasir musiqilər ifa ediblər. Milli geyimlərdə səhnəyə çıxan məktəblilər Azərbaycan rəqsləri ilə çıxış edərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar. Bayramın ənənəvi personajları olan Keçəl və Kosa da tədbirə rəng qataraq maraqlı səhnəciklər təqdim ediblər. Yumurtadöyüşdürmə kimi qədim xalq oyunları isə tədbirin ən maraqlı anlarından biri olub.
Şənlikdə çıxış edən məktəbin direktoru Afət Camalova Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu vurğulayıb. O, müəllim və şagirdləri bayram münasibətilə təbrik edərək, onlara uğurlar və xoş arzularını çatdırıb.
Tədbirin sonunda məktəb kollektivi və şagirdlər bir araya gələrək yallı gediblər. Bu, birlik və həmrəyliyin rəmzi kimi bayram şənliyinə xüsusi rəng qatıb.
Qeyd edək ki, belə tədbirlər məktəblilərdə milli dəyərlərə bağlılıq hissinin gücləndirilməsi, adət-ənənələrimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

