Sumqayıt şəhərində güclü leysan yağışlarından sonra yaranan fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər davam etdirilir.
Denmedia.az xəbər verir ki, su basmış ərazilərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün xüsusi xidmət təşkil edilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyi-nin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti artıq bir neçə gündür fasiləsiz olaraq səfərbər olunub. İdarənin rəisi Mirfuad Mahmudov bildirib ki, yaranmış çətinliklərə baxmayaraq, əməkdaşlar əhalinin köməyinə çatmaq üçün bütün imkanlardan istifadə edir.
Onun sözlərinə görə, xüsusilə azyaşlılar və yaşlı insanlar üçün təhlükə yaradan keçilməz ərazilərdə xüsusi tədbirlər görülür: “FHN əməkdaşları su ilə dolmuş küçə və həyətlərdə vətəndaşları təhlükəsiz şəkildə keçirir, onların təxliyəsini təmin edir”.
Hazırda ərazilərdə suyun çəkilməsi və vəziyyətin normallaşdırılması istiqamətində işlər davam etdirilir. Qurum rəsmisi bildirib ki, görülən tədbirlər nəticəsində qısa müddət ərzində yaranmış problemlərin tam aradan qaldırılması gözlənilir.

