Sumqayıt şəhərində ötən gecədən başlayan güclü külək ciddi fəsadlara yol açıb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, şəhərin müxtəlif ərazilərində əsasən 18-cı mik və 16-cı məhəllə ərazilərində küləyin sürətinin artması nəticəsində çoxmənzilli binaların dam örtükləri qoparaq ətraf əraziyə səpələnib, maddi ziyan yaranıb.
Yaranmış vəziyyət sakinlər arasında narahatlığa səbəb olub.
Məlumatlara görə, güclü külək elektrik təsərrüfatına da mənfi təsir göstərib. Bir sıra küçə və yaşayış massivlərində elektrik xətləri zədələnib, bəzi ərazilərdə isə enerji təchizatında müvəqqəti fasilələr yaranıb. Eyni zamanda internet əlaqəsində problemlər müşahidə olunub. Qaz xətlərinin də zərər gördüyü bildirilir, müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Güclü külək səbəbindən qopan metal konstruksiyalar, dam örtükləri və ağac budaqları həyət və küçələr üçün təhlükə yaradır. Bir çox sakin təhlükəsizlik məqsədilə evlərindən çıxmaqdan çəkinir. Həyətlərdə ağaçlar kökündən çıxaraq yola aşıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti mövcud hava şəraiti ilə əlaqədar əhaliyə rəsmi müraciət edib. Müraciətdə sakinlərə zəruri olmadıqca evdən çıxmamaq, xüsusilə binaların həyətlərində gəzməmək, avtomobilləri binaların yaxınlığında və ağac altlarında park etməmək tövsiyə olunur. Bildirilir ki, aidiyyəti kommunal və fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.Hazırda şəhər ərazisində vəziyyət nəzarət altındadır. Aidiyyəti qurumlar tərəfindən dəymiş ziyanın miqyası dəqiqləşdirilir, təhlükəli ərazilərdə operativ müdaxilə işləri aparılır. Sakinlərdən rəsmi qurumların xəbərdarlıqlarına əməl etmələri və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

