Quba Rayon İcra Hakimiyyətinin, MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək - QİAD Platformasının birgə təşkilatçılığı ilə Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçirilmişdir.
Denmedia.az-ın Şimal bürosunun məlumatına görə, əvvəlcə tədbir iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, regionlarda sahibkarlığın inkişafı, rəqəmsallaşma prosesinin genişləndirilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Daha sonra Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində sammitin rəsmi açılış mərasimi keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların nümayəndələri, dövlət və özəl sektor təmsilçiləri, sahibkarlar, iş adamları, startap nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Çıxış edənlər regionların iqtisadi potensialının artırılması, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, innovasiya və startap ekosisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişlər.
Rəsmi açılış mərasimindən sonra iştirakçılar tərəfindən müxtəlif innovativ layihələr, texnoloji yeniliklər və yerli sahibkarların məhsullarından ibarət sərgilərə baxış keçirilmişdir. Sərgilər iştirakçılar tərəfindən maraqla qarşılanmış, yeni əməkdaşlıq imkanları və biznes əlaqələri ətrafında müzakirələr aparılmışdır.
Keçirilən sammit regionlarda biznes mühitinin inkişafı, rəqəmsal transformasiyanın təşviqi və innovativ təşəbbüslərin dəstəklənməsi baxımında mühüm əhəmiyyət kəsb edir.




Nüşabə Baxşıyeva

