“Azerbaijan Airlines” (AZAL) marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm reyslərə başlayır.
AZAL-ın məlumatına görə, yeni istiqamət üzrə biletlər artıq satışa çıxarılıb.
Bakı–Brüssel–Bakı marşrutu üzrə ilk uçuş 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Reyslər həftədə 4 dəfə — bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Yeni marşrutun Azərbaycan və Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına töhfə verəcəyi bildirilir. Bundan başqa, sərnişinlər Avropanın mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biri olan Brüsselə birbaşa uçuş imkanı əldə edəcəklər.
Qeyd edək ki, Brüsseldə Avropa İttifaqı və NATO-nun qərargahları yerləşir. Şəhər həm də diplomatiya, beynəlxalq biznes, tarixi-mədəni irs və turizm baxımından Avropanın əsas mərkəzlərindən biri hesab olunur.
Brüssel həmçinin Avropanın mühüm nəqliyyat qovşaqlarındandır. Buradan Amsterdama təxminən iki saata, eləcə də Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə getmək mümkündür.
Aviabiletləri AZAL-ın rəsmi saytı, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək olar.

