Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron sərhəd nəzarəti sistemi istifadəyə verilib.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Yeni sistem pasport nəzarəti və biometrik identifikasiya prosesini avtomatlaşdırır. 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları elektron qapılardan istifadə etməklə sərhəd nəzarətindən təxminən 20 saniyə ərzində keçə biləcəklər.
Sərnişinin sənədi oxudulduqdan sonra sistem tələb olunan yoxlamaları avtomatik həyata keçirir və şəxsin kimliyini biometrik məlumatlar əsasında müəyyənləşdirir.
Məlumatlar uyğun gəldiyi halda elektron qapılar avtomatik açılır və sərhəd nəzarəti prosesi başa çatır.
DSX-nin məlumatına görə, yeni texnologiya gözləmə müddətinin azalmasına, nəzarətin effektivliyinin yüksəldilməsinə və insan amilinin minimuma endirilməsinə imkan verəcək.
Elektron sərhəd nəzarəti sistemi ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Aeroportunun gəliş zalında istifadəyə verilib. Gələcəkdə sistemin Azərbaycanın digər dövlət sərhəd-buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur.

