Sumqayıtda iş axtaran vətəndaşlar üçün yeni məşğulluq imkanları yaradılıb.
Denmedia.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentinin Sumqayıt Mühafizə Bölməsi tərəfindən vakansiyalarla bağlı Açıq Qapı Günü keçirilib.
Tədbir Sumqayıt Bələdiyyəsinin binasında təşkil olunub . Sumqayıt Bələdiyyəsinin və Məşğulluq idarəsinin əməkdaçlarının da iştirak etdiyi Açıq Qapı Günündə vətəndaşlara Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentində mövcud olan vakansiyalar barədə məlumat verilib, işə qəbul üçün müraciət imkanları yaradılıb.
Açıq Qapı Günü çərçivəsində atıcı və səyyar atıcı (H.Z. Tağıyev) vəzifələri üzrə müraciətlər qəbul edilib. İşlə maraqlanan vətəndaşlar tələb olunan sənədləri təqdim edərək qeydiyyata alınıblar.
Müraciət edən şəxslərin sənədləri qəbul olunub və onların işlə bağlı məlumatları qeydiyyata götürülüb. Belə tədbirlərin keçirilməsi iş axtaran vətəndaşların birbaşa aidiyyəti qurumlara müraciət etməsinə və mövcud vakansiyalar barədə ətraflı məlumat əldə etməsinə şərait yaradır.
Qeyd edək ki, son illər Sumqayıt şəhərinin siması sürətlə dəyişir. Şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, yenilənən infrastruktur layihələri və müxtəlif sahələrdə yaradılan imkanlar Sumqayıtın müasir, dinamik və rahat yaşayış məkanına çevrilməsinə mühüm töhfə verir.
Şəhərin inkişafı ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş imkanlarının yaradılması da diqqət mərkəzində saxlanılır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi tərəfindən əhalinin rifahının yüksəldilməsi, sosial şəraitinin yaxşılaşdırılması və məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Bu baxımdan, müxtəlif dövlət və özəl qurumların Sumqayıtda vakansiyalarla bağlı təqdimat və Açıq Qapı Günləri keçirməsi həm işəgötürənlərlə işaxtaranlar arasında əlaqələrin gücləndirilməsi, həm də şəhər sakinlərinin yeni əmək imkanlarından yararlanması baxımından əhəmiyyətlidir.
Sumqayıtda aparılan abadlıq və quruculuq işləri ilə paralel olaraq, insanların rifahının yüksəldilməsi, məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması şəhərin inkişafının əsas istiqamətlərindən biri olaraq qalır.
























Ellada Rəsul
Denmedia.az

