Azərbaycan kinosuna ağır itki üz verib. Tanınmış rejissor və ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Yefim Abramov 77 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda anadan olub. O, 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (VGİK) bitirib, İqor Talankin və Georgi Daneliyanın rəhbərliyi altında təhsil alıb. 1980–1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi çalışıb.
Yaradıcılığı dövründə müxtəlif janrlarda ekran əsərlərinin ərsəyə gəlməsində iştirak edib. Abramov “Qorxma, mən səninləyəm” (1981) filminin rejissoru, “Əzablı yollar” (1982) filminin ikinci rejissoru olub. O, Elxan Qasımovla birlikdə “Qocalar, qocalar...” (1982), Nizami Musayevlə birlikdə isə “Pritça” (1989) filmlərinə quruluş verib.
Rejissor həmçinin “Araqarışdıran” (1987) komediyasının rejissoru və ssenari müəllifi olub. Yefim Abramov 2004-cü ildə Rusiya və İsrail istehsalı olan “Verona səması altında” serialının da ssenari müəlliflərindən biri kimi çıxış edib.

