Bakının Yasamal rayonunda yerləşən “Golden Street” hotelinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hoteldə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi tələblərinin çoxsaylı pozuntuları aşkarlanıb.
Belə ki, elektrik naqillərinin yanar materialların üzərindən çəkildiyi, avtomatik yanğın siqnalizasiya sisteminin tam quraşdırılmadığı, təxliyə planının və “Çıxış” işıqlı göstəricilərinin olmadığı, eləcə də təxliyə yollarının mövcud tələblərə cavab vermədiyi müəyyən edilib.
Bundan başqa, hoteldə yanğından mühafizə avadanlıqlarına tələb olunan texniki xidmət göstərilməyib, döşəmə örtüklərinin yanğın təhlükəsizliyi göstəricilərini təsdiq edən sənədlər olmayıb. Obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı da müəyyənləşdirilib.
FHN bildirib ki, obyektin fəaliyyətinin davam etdirilməsi halında mümkün yanğın qısa müddətdə genişlənərək faciəvi nəticələrə səbəb ola bilərdi.
Aşkarlanan nöqsanlar nəzərə alınaraq “Golden Street” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.

