Belçikanın Antverpen şəhərində polis üç nəfəri saxlayıb – onlar siyasətçilərə qarşı terror aktı planlaşdırmaqda şübhəli bilinir.
DenMedia.az xəbər verir ki, bu barədə oktyabrın 9-da federal prokuror Fransen mətbuat konfransında məlumat verib.
Prokurorun sözlərinə görə, şübhəlilər “cihadçılıqdan ilhamlanan” terror aktı həyata keçirməyə hazırlaşırmış.
Onlar partlayıcı qurğunu drona bərkidərək istifadə etməyi planlaşdırıblar.
Saxlanılanların yaşları 18, 23 və 24-dür.
Onlardan biri azadlığa buraxılıb, digər ikisi isə oktyabrın 10-da məhkəmə qarşısına çıxarılacaq.
Mənbələrin AFP agentliyinə verdiyi məlumata görə, hədəflərdən biri Belçika baş naziri Bart de Vever ola bilərdi.
Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Belga agentliyi xəbər verir ki, axtarışlar Antverpendə baş nazirin şəxsi evindən cəmi bir neçə yüz metr aralıda aparılıb.
Dörne rayonundakı polis əməliyyatı təhlükəsizlik məqsədilə ətraf məhəllələrin təxliyəsinə səbəb olub.
Belçikanın xarici işlər naziri Maksim Prevo baş nazirə qarşı sui-qəsd cəhdindən şok keçirdiyini bildirib:
“Bu hadisə bizə xatırladır ki, terrorizm təhlükəsi hələ də qalır və biz daim ayıq-sayıq olmalıyıq,” – deyə diplomat X sosial şəbəkəsində yazıb.