ABŞ Dövlət Departamenti sosial şəbəkələrdə mühafizəkar fəal Çarli Kirkə qarşı hücuma sevinclə reaksiya verən ən azı altı əcnəbinin vizasını ləğv edib. DenMedia.az xəbər verir ki, bu barədə qurum özünün X (keçmiş Twitter) hesabında bəyanat yayıb.
“Birləşmiş Ştatlar amerikalılara qarşı zorakılığı dəstəkləyən və ya alqışlayan əcnəbiləri qəbul etməyə borclu deyil. Dövlət Departamenti Çarli Kirkə qarşı vəhşicəsinə hücumu qeyd edən viza sahiblərini müəyyən etməyə davam edir,” — deyə bəyanatda vurğulanır.
Məlumata görə, paylaşımda Argentina və Almaniya vətəndaşları da daxil olmaqla altı nəfərin sosial şəbəkə postlarının skrinşotları yer alıb.
Xatırladaq: Mühafizəkar fəal Çarli Kirk 10 sentyabr 2025-ci ildə ABŞ-ın Yuta ştatındakı universitetdə çıxış edərkən 180 metrdən açılan atəş nəticəsində ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün sonra polis 22 yaşlı tələbə Tayler Robinsonu saxlayıb.