İstanbulun yaxınlığında yerləşən Gəbzə bölgəsində altımərtəbəli bina çöküb, dağıntılar altında beş nəfərin qalma ehtimalı var.
DenMedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial şəbəkəsində məlumat paylaşıb.
“Dağıntılar altında beş vətəndaşımızın olduğu ehtimal edilir,” — deyə nazir bildirib.
Məlumata görə, bina 2015-ci ildə tikilib. İlk iki mərtəbəsində aptek fəaliyyət göstərib, yuxarı mərtəbələrdə isə iki ailə — yeddi nəfər yaşayırmış.
Yerlikaya qeyd edib ki, xilasedici əməliyyatlar davam edir.
Kocaeli qubernatoru İlhami Aktaş da təsdiqləyib ki, dağıntılar altında qalan beş nəfər eyni ailəyə məxsusdur.
Hazırda xilasedicilər dağıntılar altında səs eşitmək üçün xüsusi avadanlıqlardan istifadə edirlər.
Eyni gecə, oktyabrın 28-nə keçən saatlarda, Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Dörd bina dağılıb, ölkənin qərbində panika və xaos yaranıb.
Təkanlar İstanbul, İzmir, Ankara və Bursada da hiss olunub.

