Türkiyənin Kocaeli şəhərində çökən binanın dağıntıları altından qalan ailənin böyük övladı, 18 yaşlı Dilara xilas edilib.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə yerində peşəkar qruplardan ibarət geniş heyət axtarış-xilasetmə işlərini davam etdirir.
“Ailənin böyük övladı, 18 yaşlı Dilara qızımızı, şükürlər olsun, dağıntılar altından sağ çıxardıq. Ümumi vəziyyəti yaxşı görünür, şüuru açıqdır və o, Gebze Fatih Xəstəxanasına yerləşdirilib”, – deyə Aktaş bildirib.
Qeyd edək ki, xilasedicilər səhər saatlarından etibarən apardıqları axtarış zamanı 12 yaşlı Məhəmməd Emir Bilir və 14 yaşlı Hayrunnisa Bilirin cansız bədənlərini tapıblar.
Uşaqların valideynlərinin isə axtarışları davam etdirilir. Məlumata görə, hadisə zamanı valideynlərlə uşaqlar ayrı-ayrı otaqlarda olublar.

