“Ozempik” preparatının qəbulu bəzi insanlarda görmə sinirinin qan dövranının pozulması riskini artıra bilər.
Bu barədə endokrinoloq Natalya Krasnopeyeva-Kabaçkova TASS-a müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, gözün anadangəlmə anatomik xüsusiyyəti olan “risk diski”nə malik şəxslərdə bu ağırlaşmanın yaranma ehtimalı daha yüksək ola bilər.
Belə insanlarda görmə sinirinin lifləri sıx yerləşir. Qanda şəkərin və ya arterial təzyiqin sürətlə azalması zamanı yaranan dəyişikliklər siniri qidalandıran kiçik damarların sıxılmasına və qan təchizatının pozulmasına səbəb ola bilər.

Bu vəziyyət tibbdə bəzən “görmə sinirinin insultu” adlandırılır.
Mütəxəssis vurğulayıb ki, sözügedən ağırlaşma son dərəcə nadir hallarda müşahidə olunur və preparatla birbaşa səbəb-nəticə əlaqəsi hələ tam sübut edilməyib.
Onun sözlərinə görə, “Ozempik”in ürək-damar, böyrək və metabolik xəstəliklərlə bağlı risklərin azaldılmasında faydaları əksər hallarda bu nadir yan təsir ehtimalından daha böyükdür.

