Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirib.
“CentralAsia.media” xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi bəyanatla çıxış edib.
“Prezident səlahiyyətlərimi təhvil verəcəyəm. Şərəf və ləyaqətimi bərpa etmək üçün aidiyyəti qurumlara müraciət edəcəyəm”, – deyə Xurelsux bildirib.
Onun sözlərinə görə, müxalif Demokrat Partiyasının parlament fraksiyası istefa verməsini və barəsində araşdırma aparılmasını tələb edib.
“Mən bu tələbi qəbul edirəm. Fəaliyyətim boyunca heç vaxt yalan danışmamış, oğurluq və ya dələduzluq etməmişəm. Həqiqətin üzə çıxarılması və ədalətin bərpası üçün mübarizə aparacağam”, – deyə prezident vurğulayıb.
Xurelsux qanunsuz mənimsəmələrdə iştirak etmədiyini, əksinə, mənimsənilmiş vəsaitlərin geri qaytarılmasına kömək göstərdiyini bildirib.
Prezidentin istefası Monqolustanın Konstitusiyası və müvafiq qanunvericiliyi əsasında rəsmiləşdiriləcək.

