“Telegram”ın həmtəsisçisi Nikolay Durov 45 yaşında ilk dəfə ailə qurub və ata olub.
“Baza” “Telegram” kanalının məlumatına görə, məşhur proqramçının həyat yoldaşı Rusiyanın Çelyabinsk şəhərindən olan 34 yaşlı Aleksandradır. Cütlüyün nikahı Dubaydakı Rusiya Baş Konsulluğunda rəsmiləşdirilib. Onların bir oğlu dünyaya gəlib.
Durovun həyat yoldaşı Çin və beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Aleksandra Çin və ingilis dillərini bilir, həmçinin fransız və ispan dillərini öyrənir. O, əvvəllər Rusiyanın Şanxaydakı baş konsulunun köməkçi-tərcüməçisi işləyib.
Aleksandra Çelyabinsk Dövlət Universitetində təhsil aldığı dövrdə beynəlxalq elmi konfransda Çin, Rusiya və ABŞ-nin Mərkəzi Asiyadakı geosiyasi maraqlarına dair məruzə ilə çıxış edib.
Qeyd edək ki, Nikolay Durov “Telegram”ın texniki əsasını təşkil edən MTProto protokolunun yaradıcısıdır. O, üç dəfə beynəlxalq riyaziyyat olimpiadalarının qalibi, iki dəfə isə proqramlaşdırma üzrə dünya çempionu olub.
Qardaşı Pavel Durovdan fərqli olaraq, Nikolay ictimaiyyət qarşısına nadir hallarda çıxır və müsahibələrdən uzaq durur.

