Dünyanın ən məşhur şirkətlərinin saytları kiberhücuma məruz qalıb. Hakerlər istifadəçilərin kriptovalyutalarını və şəxsi məlumatlarını oğurlamağa çalışıblar.
“Reuters”in məlumatına görə, hücumdan təsirlənən saytlar arasında “Zoom”, “HSBC”, “Equifax”, “CNN”, “Salesforce” və “IKEA” kimi iri şirkətlərin internet səhifələri də var.
Kibercinayətkarlar saytların optimallaşdırılması üçün istifadə olunan “Optimizely” platformasına zərərli proqram kodları yerləşdiriblər.
Bu kodlar istifadəçilərin kriptovalyuta pulqabılarının ünvanlarını saxta ünvanlarla əvəz etmək, bank kartı məlumatlarını, kuki fayllarını və ekran görüntülərini oğurlamaq, həmçinin “iPhone” cihazlarına zərərli proqramlar yerləşdirmək məqsədi daşıyıb.
Ümumilikdə 178 təşkilatın internet səhifəsinə daxil olan istifadəçilər potensial təhlükə ilə üzləşiblər. Lakin hücum nəticəsində neçə nəfərin məlumatının və ya pulunun oğurlandığı hələ müəyyən edilməyib.
“Salesforce” şirkəti saytlarında “Optimizely” xidmətini deaktiv etdiyini bildirib. Digər şirkətlər isə hadisə ilə bağlı hələlik şərh verməyiblər.

