ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün Berlinə səfər edəcəklər.
“Axios” portalının ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, noyabrın 19-da Uitkoff və Kuşner Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər.
Danışıqlarda Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və müharibədən sonrakı iqtisadi bərpa planı müzakirə olunacaq. Əsas məqsəd Rusiyanın gələcəkdə mümkün hücumlarının qarşısını alacaq mexanizmlər hazırlamaqdır.
Berlin görüşü ABŞ, Rusiya və Çin liderlərinin eyni gün Şençjendə keçirilməsi planlaşdırılan üçtərəfli sammiti ilə üst-üstə düşəcək.
ABŞ rəsmisi hər iki görüşü əlaqələndirilmiş diplomatik səylərin tərkib hissəsi adlandırıb.
Mənbənin sözlərinə görə, Uitkoff və Kuşner Rusiya ilə danışıqları davam etdirməklə yanaşı, Ukrayna və Avropa rəsmiləri ilə də müntəzəm təmas saxlayırlar.

