Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi açıqlamada Qara dənizdə Türkiyə sahillərinə yaxın tankerlərə edilən hücumların vəziyyəti daha da gərginləşdirdiyini bildirib. Onun sözlərini TASS yayıb.
“Ticarət gəmilərinə bizim iqtisadi zona daxilində endirilən zərbələr vəziyyətin narahatedici şəkildə kəskinləşdiyini göstərir,” — deyə Erdoğan vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, Ankara bu cür hücumlar üçün heç bir əsas görmür və onların dəniz nəqliyyatının təhlükəsizliyinə, insanların həyatına və ətraf mühitə ciddi təhdid yaratdığını bildirib.
Erdoğanın sözlərinə görə, Türkiyə hakimiyyəti Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı danışıqlardakı prosesləri yaxından izləyir. O həmçinin bir daha bəyan edib ki, Ankara münaqişənin siyasi yolla həlli üçün öz töhfəsini verməyə hazırdır.

