İsrail ordusunun Qəzza zolağının Xan-Yunis şəhərinin qərbində yerləşən çadır düşərgəsinə endirdiyi hava zərbələri azı altı nəfərin ölümünə səbəb olub. Fələstin mənbələri bildirir ki, düşərgə ard-arda ən azı dörd aviazərbə ilə vurulub və dağıntıların miqyası böyükdür.
Hücum barədə xəbərlər, bir neçə saat əvvəl Qəzza zolağının cənubundakı Rəfahda baş verən insidentdən sonra gəlib. Rəfahda baş verən atışmada beş İsrail hərbçisi yaralanmışdı, bu da bölgədə gərginliyi daha da artırıb.
İsrail ordusu açıqlamasında bildirib ki, aviazərbələr “atəşkəs razılaşmasının kobud şəkildə pozulmasına cavab” olaraq həyata keçirilib. Fələstin tərəfi isə hücumu mülki əhaliyə qarşı növbəti ağır zərbə adlandırır.

