Sudanda Sürətli Dəstək Qüvvələri (RSF) adlı üsyançı qruplaşmanın pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə nəticəsində 24 nəfər həyatını itirib. Ölənlər arasında 8 uşaq və 2 yeni doğulmuş körpə də var.
Finlandiyanın Yle nəşrinin, Sudan Həkimlər Şəbəkəsinə istinadən yaydığı məlumata görə, RSF-ə məxsus dron qaçqınları daşıyan açıq nəqliyyat vasitəsini hədəf alıb. Avtomobildə olan insanlar Dubeykir bölgəsində gedən döyüşlərdən qaçırmış.
Hücum Şimali Kordofan əyalətində, Rahad şəhəri yaxınlığında baş verib. Həkimlər beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını mülki əhalinin qorunması üçün təcili tədbirlər görməyə və RSF rəhbərliyinin məsuliyyətə cəlb olunmasına çağırıblar.

