ABŞ hərbi komandanlığı İranla danışıqlar ərəfəsində Yaxın Şərqə əlavə qüvvələrin yerləşdirilməsini başa çatdırıb. CNN mənbələrə istinadən bildirir ki, Böyük Britaniyadakı bazalardan qırıcılar və yanacaq dolduran təyyarələr regiona daha yaxın mövqelərə köçürülüb. Rotasiyaya düşməli olan hərbçilərin müqavilələri uzadılıb.
Pentaqon İordaniya, Bəhreyn və Səudiyyə Ərəbistanındakı bazalara 250-dən çox yük göndərib. Bu yüklərə hərbi avadanlıq və logistika təminatı daxildir.
Mənbələrin sözlərinə görə, qüvvələrin artırılması həm Tehrana təzyiq mexanizmi kimi nəzərdə tutulur, həm də danışıqların uğursuz olacağı halda mümkün hərbi zərbə variantını açıq saxlayır. Bundan əvvəl Donald Trump İranda rejim dəyişikliyi ehtimalını istisna etməmişdi. Administrasiya daxilində isə etiraf olunur ki, mövcud hakimiyyət devrilərsə, ölkədə yaranacaq boşluğu kimin dolduracağı bəlli deyil. Kəşfiyyat qiymətləndirmələrinə görə, bu boşluğu İslam İnqilabı Keşikçiləri Korpusu tuta bilər.

