İranda təcili tibbi yardıma ehtiyac artır, tibbi ehtiyatlar isə azalır və müharibə davam edərsə tükənə bilər. Bu barədə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyətinin rəhbəri Mariya Martines bildirib, Reuters xəbər verir.
Martinesin sözlərinə görə, İranda tibbi yardıma ehtiyac həndəsi sürətlə artır.
“Travmalar üçün yardım dəstləri və digər avadanlıqlar müharibə davam edərsə tükənə bilər,” — deyə Qırmızı Xaç və Qırmızı Aypara əməkdaşı bildirib.
Materialda həmçinin qeyd olunur ki, 31 mart tarixində İranın Zəncan vilayətində tibbi klinika zərbə alıb.
“Bizim narahatlığımız humanitar ehtiyacların nə qədər sürətlə artması və ölkəyə tam dəstək göstərmək imkanımızla bağlıdır... Ehtiyaclar eksponent şəkildə artır... Resurslar sonsuz deyil,” — deyə Mariya Martines bildirib.
O əlavə edib ki, hazırda fövqəladə hallar üçün ehtiyat çatışmazlığı yoxdur, lakin döyüş əməliyyatları davam edərsə vəziyyət pisləşəcək, xüsusilə də təchizatın qiymətlərinin artması və kifayət qədər maliyyələşmənin olmaması fonunda.
Yardım qrupu bildirir ki, ölkənin 31 vilayətində 100 min xilasedicisi, həmçinin helikopterləri və axtarış-xilasetmə itləri var və onlar hava zərbələri nəticəsində yaralananlara ilkin tibbi yardım göstərir, eləcə də köçkünlərə dəstək verir.
Agentliyin məlumatına görə, 28 fevraldan başlayan Yaxın Şərq müharibəsi nəticəsində İranda 1900-dən çox insan həlak olub, 21 000-dən çox insan yaralanıb.

