ABŞ Prezidenti Donald Tramp son illərdə itkin düşən və ya həyatını itirən alimlərlə bağlı müzakirələr fonunda diqqətçəkən açıqlama verib.
Ağ Evin Cənub bağçasında jurnalistlərə danışan Tramp bildirib:
“Ümid edirəm ki, bu hadisələr təsadüfdür. Nə baş verdiyini qarşıdakı bir neçə həftə ərzində öyrənəcəyik. Bu, çox vacib məsələdir.”
Son üç ildə 10 alimin ölümü və ya itkin düşməsi sosial şəbəkələrdə müxtəlif versiyaların, o cümlədən yadplanetlilərlə bağlı iddiaların yayılmasına səbəb olub. Rəsmilər isə hadisələr arasında konkret əlaqəni təsdiqləyən sübutun olmadığını bildiriblər.
Tramp əlavə edib ki:
“Bu alimlərdən bəziləri çox vacib insanlar idi.”
Jurnalistin hadisələrin arxasında xarici qüvvələrin olub-olmaması ilə bağlı sualına birbaşa cavab verməyən Tramp, bunun əvəzinə keçmiş prezident Co Baydeni miqrasiya siyasətinə görə tənqid edib.
Ağ Evin sözçüsü Karolin Levitt isə bildirib ki, məsələ ilə bağlı hələ aidiyyəti qurumlarla müzakirə aparmayıb, lakin iddialar doğru olarsa, bu, araşdırılmalı mövzudur.
İtkin düşənlər arasında ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Uilyam Nil Makkaslend də var. Bildirilir ki, o, yoxa çıxmazdan əvvəl “zehni bulanıqlıq” yaşayırmış. Onun evində telefon, eynək və digər şəxsi əşyaları tapılsa da, pulqabısı, yürüş ayaqqabıları və silahı yoxa çıxıb.
Həyat yoldaşı Makkaslendin yadplanetlilərlə bağlı gizli məlumatlara sahib olması barədə iddiaları təkzib edib.
İtkin və ya ölən digər şəxslər arasında Los Alamos Milli Laboratoriyasında çalışan Melissa Kasiyaş, həmin qurumun keçmiş əməkdaşı Entoni Çavez, Novartis əməkdaşı Ceyson Tomas, NASA-nın Jet Propulsion Laboratory mühəndisi Frank Mayvald, MIT fiziki Nuno Loureyro və ekzoplanet tədqiqatçısı Karl Qrillmeyr yer alır.
Rəsmilər bəzi alimlərin nüvə və aerokosmik sahələrdə həssas məlumatlara çıxışının olub-olmaması məsələsini də araşdırır.

