Amerikalı media maqnatı Donald Nyuhauz 96 yaşında vəfat edib.
Bu barədə The New York Times məlumat yayıb.
Nyuhauz mayın 26-da Nyu-Cersi ştatının Lambertvill şəhərindəki malikanəsində dünyasını dəyişib. Onun ölüm səbəbi limfoma — limfa sistemində inkişaf edən onkoloji xəstəlik olub.
Qeyd olunur ki, Donald Nyuhauz Advance Publications media korporasiyasının sahiblərindən biri idi. Bu şirkətə The New Yorker, Vanity Fair, Vogue, Wired və digər nüfuzlu nəşrləri buraxan Condé Nast nəşriyyat evi daxildir. Şirkətin aktivləri arasında Discovery Channel telekanalı və Reddit platforması da yer alır.
Donald Nyuhauz 1929-cu ilin avqustunda anadan olub. O, böyük qardaşı Samuel Nyuhauzla birlikdə Advance Publications şirkətini atasından miras alıb. Donald əsasən regional qəzetlərə və holdinqin kabel aktivlərinə nəzarət edib, Samuel isə Condé Nasta rəhbərlik edib.
Onun kurasiya etdiyi nəşrlər illər ərzində onlarla Pulitser mükafatı və digər nüfuzlu mükafatlara layiq görülüb. Biznesmenin böyük qardaşı Samuel Nyuhauz 2017-ci ildə vəfat edib.

