Böyük Britaniyanın mədəniyyət naziri Liza Nendi “X” platformasından istifadəni dayandırdığını açıqlayıb.
O, bu barədə elə həmin sosial şəbəkədəki hesabında yazıb.
Nazirin sözlərinə görə, qərarı rəhbərlik etdiyi qurum da dəstəkləyib. Bu səbəbdən Böyük Britaniya Mədəniyyət Nazirliyinin “X”dəki rəsmi səhifəsi də fəaliyyətini dayandıracaq.
“Mən bu platformanı tərk etmək qərarı verdim. Söz azadlığı və özünüifadə üçün yaradılmış platforma indi məzmunlu müzakirələr əvəzinə təhqirlərə və dezinformasiyaya şərait yaradır”, — deyə Nendi bildirib.
Nazir hesab edir ki, bu vəziyyət təkcə Britaniyanın demokratik sisteminə deyil, bütövlükdə cəmiyyətə zərər vurur.
Qeyd olunur ki, təxminən bir həftə əvvəl Nendi Britaniya hakimiyyətinin iri sosial media platformalarını istifadəçi lentlərində və axtarış nəticələrində yoxlanılmış, etibarlı informasiya mənbələrini önə çıxarmağa məcbur etmək istədiyini bildirmişdi.
Onun sözlərinə görə, sosial şəbəkələr britaniyalıların böyük hissəsi üçün əsas informasiya mənbəyinə çevrildiyindən bu sahədə daha sərt tədbirlərə ehtiyac var.

