ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı “səfil fəlakət” adlandırıb.
Bu barədə Ağ Ev rəhbəri Truth Social sosial şəbəkəsindəki hesabında yazıb.
Tramp vəzifəsinin icrasına başlamağa hazırlaşan Böyük Britaniyanın Baş naziri Endi Börnemin Şimal dənizindəki yataqlarda neft hasilatını artırmaq planlarını dəstəklədiyini bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Şimal dənizi dünyada yüksək keyfiyyətli neftin ən böyük mənbələrindən biridir. Onun sözlərinə görə, buradakı ehtiyatlar yüz illərlə kifayət edə bilər və həmin neftin böyük hissəsi hələ kəşf edilməyib.
Tramp bildirib ki, Şimal dənizi nefti Britaniyanı “səfil fəlakət” vəziyyətindən çıxararaq dünyanın ən varlı ölkələrindən birinə çevirə bilər.
İyunun 25-də Tramp Böyük Britaniyanın baş nazirliyinə namizəd Endi Börnem haqqında da sərt danışmış və onu “son dərəcə liberal” adlandırmışdı.
ABŞ lideri istefa verən Baş nazir Kir Starmerlə bir çox məsələdə razılaşmadığını bildirib. Trampın sözlərinə görə, o, Starmeri enerji, miqrasiya və cinayətkarlıqla bağlı problemlər barədə dəfələrlə xəbərdar edib.
Tramp həmçinin Starmerə vəzifəsini itirəcəyini dediyini və bunun baş verdiyini qeyd edib.

