İyunun sonunda Fransanı bürüyən rekord istilər dəfn sektorunda böhran yaradıb. Orlean şəhərində dəfn bürosunun direktoru Qotye Katon meyitlərin saxlanılması üçün beş soyuducu konteyner kirayələməyə məcbur olub.
Bu barədə Reuters məlumat yayıb.
Katonun sözlərinə görə, saxlanılan meyitlərin sayı adi göstəricilərlə müqayisədə üç dəfə artıb. O, təxminən 25 illik fəaliyyəti ərzində ilk dəfə belə vəziyyətlə qarşılaşdığını bildirib.
İstilərin ən ağır nəticələri əvvəlcə Paris regionunda müşahidə olunub. Daha sonra ölüm hallarındakı artım Orleana da çatıb.
Məlumata görə, 2026-cı ilin yayı Fransanın üzləşdiyi üç uzunmüddətli problemi daha aydın göstərib: qlobal istiləşmənin nəticələri, əhalinin qocalması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin kifayət qədər maliyyələşdirilməməsi.
Hər il daha erkən başlayan anomal istilər Paris yaxınlığında görünməmiş meşə yanğınlarına, məktəblərin bağlanmasına və xəstəxanaların həddindən artıq yüklənməsinə səbəb olub.
İsti hava xüsusilə havalandırması zəif olan evlərdə və qocalar evlərində yaşayan yaşlı insanlara ağır təsir göstərib və ölüm hallarının artmasını sürətləndirib.

