Almaniyada iyun ayında təsirli olan kəskin istilər səbəbindən ölənlərin sayı 5 120 nəfərə çatıb.
Bu barədə ölkədə ictimai səhiyyə sahəsində əsas qurumlardan biri olan Robert Kox İnstitutu — RKI məlumat yayıb.
RKI-nin hesabatına görə, ard-arda temperatur rekordlarının qeydə alındığı iyun ayında ölkədə ölüm hallarının sayında ciddi artım müşahidə olunub. Bildirilir ki, ölüm hallarının əsas səbəbləri isti vurması və həddindən artıq istilərin mövcud sağlamlıq problemlərini ağırlaşdırması olub.
İsti hava dalğasından ən çox 85 yaş və yuxarı şəxslər təsirlənib. RKI-nin məlumatına əsasən, bu yaş qrupunda 2 950 nəfər həyatını itirib.
Bundan başqa, 75-84 yaş aralığında 1 320 nəfər, 65-74 yaş aralığında 550 nəfər, 65 yaşdan aşağı isə 300 nəfər isti hava səbəbindən ölüb.
Məlumata görə, 85 yaşdan yuxarı ölənlər arasında 1 780 nəfər qadın, 1 170 nəfər isə kişi olub.
Almaniya Meteorologiya Xidmətinin — DWD son məlumatlarına əsasən, ölkənin cənubunda havanın temperaturu yenidən yüksələcək. Sabahdan etibarən bəzi bölgələrdə temperaturun 34 dərəcəni keçəcəyi, bazar günü isə Almaniyanın cənub və cənub-qərb hissələrində 36 dərəcəyə çatacağı gözlənilir.
Qeyd olunur ki, Almaniyada isti hava səbəbindən 2025-ci ildə 2 550, 2024 və 2023-cü illərdə 3 000, 2022-ci ildə isə 4 700 nəfər həyatını itirmişdi. Ölkədə kəskin istilər nəticəsində ən çox ölüm halı 2018-ci ildə 8 400, 2019-cu ildə isə 6 900 nəfər olmaqla qeydə alınmışdı.
İyun ayında Almaniyada hava temperaturu üç gün ardıcıl olaraq 41 dərəcədən yuxarı qalxaraq rekord həddə çatmışdı.

