Fransada anomal istilər cəmi iki gün ərzində 18 nəfərin həyatına son qoyub. Ölənlərdən ikisi 2 və 4 yaşlı uşaqdır. Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ölkənin bəzi bölgələrində iyunun 22-də havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Fransanın ayrı-ayrı ərazilərində temperatur təxminən 42 dərəcəyə çatıb.
Həyatını itirən azyaşlılar bağlı avtomobildə huşlarını itiriblər. Ölənlər arasında yaşı 80-dən 95-dək olan üç ahıl şəxsin də olduğu bildirilir. Daha 13 nəfər isə təhlükəsiz olmayan yerlərdə çimərkən boğularaq ölüb.
Bəzi ərazilərdə istilər əvvəlki rekord göstəriciləri də yeniləyib. Bordo bölgəsində temperatur 41,9 dərəcəyə çataraq ötən ilin avqustunda qeydə alınmış rekordu geridə qoyub.

