Yaponiyada təsirini artıran anomal isti hava dalğası səbəbindən ölkə tarixində ilk dəfə yeni xəbərdarlıq sistemi işə salınıb.
Yaponiya Meteorologiya Agentliyi (JMA) havanın temperaturu 40 dərəcəyə çatdıqdan sonra ilk dəfə “amansız isti gün” mənasını verən “kokushobi” xəbərdarlığı yayıb.
Aprel ayında tətbiq olunmağa başlayan sistem temperaturun 40 dərəcəyə çatdığı günlərdə əhalini təhlükəli istilər barədə məlumatlandırmaq məqsədi daşıyır.
Kyodo agentliyinin məlumatına görə, ölkənin mərkəzi hissəsində yerləşən Tacimi, Quco və Toyota şəhərlərində temperatur 40 dərəcəyə yüksəlib. Bundan sonra “kokushobi” xəbərdarlığı tətbiq edildiyi vaxtdan bəri ilk dəfə qüvvəyə minib.
Meteorologiya Agentliyi yüksək temperaturun ölkənin bir çox bölgəsində davam edəcəyini bildirib. Vətəndaşlara günvurma, susuzlaşma və digər sağlamlıq problemlərinə qarşı tədbir görmək tövsiyə olunub.
Ölkə ərazisində hökm sürən anomal istilər nəticəsində üç nəfərin həyatını itirdiyi bildirilir.

