Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanla bağlı son hesabatı Taliban hakimiyyəti dövründə qadın və qızlara qarşı məhdudiyyətlərin sistemli şəkildə davam etdiyini göstərib.
BMT-nin Əfqanıstana Yardım Missiyası — UNAMA bildirir ki, qızların 6-cı sinifdən sonra təhsil almasına icazə verilmir, qadınların böyük hissəsi əmək bazarından kənarlaşdırılır, onların ictimai yerlərdə kişi qohumu olmadan hərəkət etməsi isə getdikcə daha çox məhdudlaşdırılır.
Hesabatda ən diqqətçəkən məqamlardan biri Herat şəhərində qadınların geyiminə nəzarətin sərtləşdirilməsidir. UNAMA-nın məlumatına görə, 6–7 iyun tarixlərində ən azı 30 qadın geyim qaydalarını pozmaqda ittiham edilərək saxlanılıb. Buna etiraz olaraq keçirilən aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı ölən və yaralananların olduğu bildirilir.
BMT hesabatında həmçinin Talibanın “Əxlaqın təşviqi və pisliyin qarşısının alınması” qurumunun əməkdaşlarının bəzi səhiyyə müəssisələri və iş yerlərinə baş çəkərək yanında kişi qohumu olmayan qadınların içəri buraxılmaması barədə xəbərdarlıq etdiyi qeyd olunur. Bu məhdudiyyətlərin qadınların tibbi xidmətlərə və gündəlik ehtiyaclara çıxışını daha da çətinləşdirdiyi vurğulanır.
UNAMA Talibanın nikah və boşanma ilə bağlı yeni qaydalarının da ciddi risklər yaratdığını bildirib. BMT-yə görə, bu dəyişikliklər uşaq nikahlarının yayılmasına şərait yarada, eyni zamanda qadınların zorakılıq gördükləri evliliklərdən ayrılmasını çətinləşdirə bilər.
BMT və beynəlxalq hüquq müdafiə təşkilatları Talibanı qadınların təhsil, işləmək, sərbəst hərəkət etmək və əsas xidmətlərə çıxış hüquqlarına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

