Almaniyanın Nürnberq Albrext Dürer hava limanında check-in növbəsində yer üstündə yaranan mübahisə təxminən 20 nəfərin iştirak etdiyi kütləvi davaya çevrilib.
Yerli polisin məlumatına görə, iki qrup arasında başlayan sözlü mübahisə qısa müddətdə böyüyüb. 29 yaşlı kişi 43 yaşlı digər sərnişinə yumruq vurduqdan sonra tərəflər arasında fiziki qarşıdurma yaşanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilsə də, heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Polis davaya qarışan şəxslərin kimliklərini müəyyənləşdirib və təhlükəsizlik kameralarının görüntülərini araşdırmağa başlayıb.
Hadisədən sonra aviaşirkət və təhlükəsizlik xidmətləri davada iştirak edən 11 sərnişini təyyarəyə buraxmayıb.
Mətbuatda qarşıdurmanı başladan iki nəfərin Türkiyə vətəndaşı olduğu iddia edilib. Lakin Nürnberq Hava Limanı Sərhəd Polisi bildirib ki, şəxslərin kimliyi, keçmişi və vətəndaşlığı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.

