Qəzza üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı Qəzza sektoruna endirilən zərbələrin dayandırılmasını tələb edib.
Bu barədə “Axios”un müxbiri Barak Ravid “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Mladenov və Sülh Şurasının baş müşaviri Ari Laytstoun Netanyahu ilə görüşərək İsrailin ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət planına razılıq verərkən üzərinə götürdüyü öhdəliyə əməl etməsini istəyiblər.
Ravid bildirib:
“Mladenov və Laytstoun baş nazir Netanyahu ilə görüşərək İsrailin Trampın 20 bəndlik planına razılaşarkən vəd etdiyi kimi Qəzzaya zərbələri dayandırmasını xahiş ediblər.”
Mladenov daha əvvəl bəyan etmişdi ki, Qəzza sektorunda vəziyyətin nizamlanmasına yardım məqsədilə yaradılan Sülh Şurası və vasitəçi ölkələr İsrailin yeni zərbələrindən sonra gərginliyin azaldılmasına çalışacaqlar.

