ABŞ deportasiya edilən miqrantların qəbulu ilə bağlı razılaşma çərçivəsində Liberiyaya 5 milyon dollar ödəyəcək.
Bu barədə The New York Times ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, 5 milyon dollarlıq ödəniş Dövlət Departamenti tərəfindən ötən ilin dekabrında təsdiqlənib. Bundan iki ay əvvəl Liberiya digər ölkələrin vətəndaşı olan miqrantları qəbul etmək imkanını nəzərdən keçirəcəyini bildirmişdi.
Liberiya hakimiyyəti ABŞ-a təminat verib ki, ölkəyə gətiriləcək miqrantlar irqi və ya dini mənsubiyyətlərinə görə təqibə məruz qalmayacaqlar. Dövlət Departamenti bu təminatları etibarlı hesab edib.
Ayrılan vəsait Liberiyanın miqrasiya sisteminin dəstəklənməsinə və ölkəyə göndərilən şəxslərə yardım göstərilməsinə sərf oluna bilər. Buraya yaşayış yeri, qida və peşə hazırlığı xərcləri daxildir.
The New York Times yazır ki, Donald Tramp administrasiyası mənşə ölkələrinə birbaşa deportasiya edilməsi mümkün olmayan miqrantların üçüncü ölkələrə göndərilməsi üçün başqa dövlətlərlə də oxşar razılaşmalar bağlayır.
Hüquq müdafiə təşkilatları isə bu təcrübəyə qarşı çıxırlar. Onlar miqrantların tanımadıqları ölkələrə, o cümlədən insan hüquqları sahəsində problemlərin olduğu dövlətlərə göndərilməsindən narahatdırlar.
Nəşrin məlumatına görə, Liberiya bu həftə növbəti bir il ərzində ABŞ-dan deportasiya olunan 1200-dək miqrantı qəbul etməyə hazır olduğunu açıqlayıb.
İlk miqrant qrupu avqustun 20-də Liberiyanın paytaxtı Monroviyaya çatıb.

